Qusar OİK-in 15 illik yubileyi münasibətilə velosiped yarışı keçirilib

Qusar OİK-in 15 illik yubileyi münasibətilə velosiped yarışı keçirilib

Dekabrın 20-də Qusar Olimpiya İdman Kompleksinin (OİK) 15 illik yubileyi münasibətilə yeniyetmələr arasında velosiped yarışı keçirilib. Azərbaycan Velosiped Federasiyası (AFV) və Qusar Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutan turnirdə 30 velosipedçi medallar uğrunda mübarizə aparıblar.

Kompleksin ərazisində təşkil edilən yarışın açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, AVF-nin baş katibi Elnarə Musayeva, Qusar OİK-in direktoru Elşən Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edənlər bu təşəbbüsə və yaradılan şəraitə görə Qusar OİK-ə təşəkkürlərini bildirib, kompleks və rayon ərazisində velosiped idman növünün inkişafı üçün hər cür imkanların olduğunu qeyd ediblər. AVF rəsmiləri gələcəkdə birgə əməkdaşlığın davam etdiriləcəyini, kompleksdə velosiped bölməsinin açılmasının, təlim-məşq toplanışları və yarışların təşkilinin mümkünlüyünü vurğulayıblar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışa start verilib. İdmançılar kompleksin gözəl təbiətə malik kotteclər ərazisində 500 metr məsafə qət ediblər.

Yekunda kiçik yaşlı yeniyetmələr arasında Emin Məcidov qızıl, Elmin Koroğluyev gümüş, Timur Hacıyev bürünc medala layiq görülüblər.

Böyük yaşlı yeniyetmələr arasında isə David Abdulrəhmanov birinci, Ruslan Kiçikbəyov ikinci, Ramin Kəlbəliyev üçüncü yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə federasiyanın medal və qiymətli hədiyyələri, həmçinin diplomlar təqdim olunub.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2025