Trek velosipedi üzrə Azərbaycan Kubokunun birinci mərhələsi keçirilib
Martın 29-31-də trek velosipedi üzrə Azərbaycan Kubokunun birinci mərhələsi keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində baş tutan yarışda müxtəlif növlərdə və yaş kateqoriyalarında 70-ə yaxın idmançı iştirak edib.
İlk yarış günündə QİT-500 metr növü üzrə 15 yaşadək oğlanlar arasında Məlikmirzə Qəmbərov (ROEQİUGVM, 44.20), 17 yaşadək oğlanların mübarizəsində Çingiz İsayev (ROEQİUGVM, 39.70), qızların yarışında İradə Əbdürəhmanova (ROEQİUGVM, 44.26), QİT-1000 metr növü üzrə isə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Artyom Proskuryakov (ROEQİUGVM, 01.14.92) birinci yerə layiq görülüb.
İkinci yarış günündə 2 km məsafəyə fərdi ötüşmə növündə 15 yaşadək oğlanlar arasında Ümid İsmayılov (ROEQİUGVM, 03.11.31), 17 yaşadək oğlanların mübarizəsində Murad Nadirov (Təhsil RİM, 02.47.50), qızların yarışında Məryəm Hüseynova (ROEQİUGVM, 03.19.68), 3 km məsafəyə fərdi ötüşmə növündə gənclər arasında Artyom Proskuryakov (ROEQİUGVM, 03.52.65), 4 km məsafəyə fərdi ötüşmə növündə isə Elit/U23 yaş kateqoriyasında kişilərin mübarizəsində Ömər Musayev (ROEQİUGVM, 05.25.76) hamıdan yaxşı nəticə göstərərək qızıl medal qazanıb.
Sonuncu yarış günündə isə idmançılar 7,5 km məsafəyə skretç növündə güclərini sınayıblar. 15 yaşadək oğlanlar arasında Cavid Baxşıyev (ROEQİUGVM), 17 yaşadək oğlanların mübarizəsində Rüstəm Rəcəbli (Təhsil RİM), Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanların yarışında isə Tural İsrafilov (ROEQİUGVM) birinci yerdə qərarlaşıblar.
Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.