Vətən müharibəsi qaziləri və jurnalistlər arasında velosiped yarışı keçirilib

Vətən müharibəsi qaziləri və jurnalistlər arasında velosiped yarışı keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil edilən idman festivalı çərçivəsində Vətən müharibəsi qaziləri və media nümayəndələri arasında şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş velosiped yarışı keçirilib.

Azərbaycan Velosiped Federasiyası və Brendsport.az idman portalının təşkilatçılığı ilə noyabrın 26-da Respublika Velotrekində baş tutan turnirdə ümumilikdə 34 nəfər iştirakçı fərdi ötüşmə növündə mübarizə aparıblar. Qazilər və kişi jurnalistlər 2 dairə (666 m), xanım jurnalistlər isə 1 dairə (333 m) məsafə qət ediblər,

Nəticələrə əsasən, qazilər arasında Vüqar Əhmədov (01.21.65) birinci, Sənan Osmanov (01.25.23) ikinci, Abbas Musayev (01.27.69) üçüncü yerə layiq görülüblər.

Xanım jurnalistlərin yarışında Aynur Nurəliyeva (“Sehirli Dünya”, 50.61) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aynur Tağıyeva (Brendsport.az, 53.86) ikinci, Dürdanə Kazımova (“Departament” jurnalı, 54.72) üçüncü yerlə kifayətləniblər.

Kişi jurnalistlərin mübarizəsində isə Nurlan Qədirli (ARB 24, 01.16.27) birinci, Əfqan Bayramov (CBC Sport, 01.16.64) ikinci, Araz Babayev (ARB 24, 01.18.17) üçüncü yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr, bütün iştirakçılara isə təşəkkürnamələr təqdim edilib.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2025