5 Mart – Bədən Tərbiyəsi və İdman Günündə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Qazax şəhərində idman paradı və “Qazax İdman Paytaxtı-2026”nın açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qazax Şəhər İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının idmançı və məşqçi heyəti də paradda iştirak edib. Əvvəlcə federasiyaların sıra düzülüşü ilə keçidi baş tutub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə hər il keçirilən Bədən Tərbiyəsi və İdman Günü haqqında məlumat verib. “İdman Paytaxtı” layihəsinin rəmzi açarı Qəbələdən təhvil alınaraq Qazaxa təqdim edilib. Ardınca Qazax “İdman Paytaxtı”nın maskotu səhnədə təqdim olunub.