Azərbaycan Velosiped İdmanı Federasiyasında 2026-cı ilin 10-14 may tarixlərində keçiriləcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışı ilə bağlı hazırlıq işlərinin gedişi müzakirə olunub.
Federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı 5 mərhələdən ibarət yarışının marşrutu artıq təsdiqlənib. Dekabr ayının ikinci yarışında Təşkilat Komitəsinin geniştərkibli iclasının keçirilməsi və yarışla bağlı bütün məsələlərin orada ətraflı müzakirə olunması planlaşdırılır.
Sahib Ələkbərov nüfuzlu idman kanalı “Eurosport”la canlı yayımlanacaq yarışa beynəlxalq marağın olduqca yüksək olduğunu vurğulayaraq bildirib ki, bu günə qədər artıq 20 komanda “Bakı-Xankəndi” velosiped yarışında iştirakını rəsmi olaraq təsdiqləyib. Onların sırasında 1 Dünya Turu, 5 Pro-Tur, 13 kontinental və 1 milli komanda yer alır.
İclas zamanı yarışa hazırlıq istiqamətində görüləcək işlər, logistika, təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, hər bir istiqamət üzrə məsul şəxslər müəyyənləşdirilib, qarşıdakı dövr üçün konkret tapşırıqlar verilib.