Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “GİN MAGAZINE X” jurnalının 2026-cı ilin yanvar–iyul buraxılışında Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti ilə bağlı bir sıra materiallar dərc olunub.
Jurnalda 2026-cı ilin idman səfirləri sırasında velosiped idmanı üzrə ölkə yığma komandasının məşqçisi Elçin Əsədovun da yer alması əks olunub. Həmçinin, “Gənclər həftəsi” çərçivəsində ali təhsil müəssisələrinin tələbələrinə velosipedlərin hədiyyə olunması və gənclər arasında sağlam həyat tərzinin təşviqi barədə məlumat verilib.
10–14 may 2026-cı il tarixlərində keçirilmiş Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına da jurnalda geniş yer ayrılıb. Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı 5 günlük yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edib.
3 İyun – Ümumdünya Velosiped Günü münasibətilə Bakıda təşkil olunan veloyürüş və velosipeddən istifadənin təşviqinə yönəlmiş tədbirlər də jurnalda yer alan materiallar sırasındadır.
Bu materiallar ölkəmizdə velosiped idmanının inkişafı, kütləviləşməsi və velosiped mədəniyyətinin təşviqi istiqamətində görülən işləri əks etdirir.