AzVİF-də məşqçilərin fəaliyyətinin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib

AzVİF-də məşqçilərin fəaliyyətinin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasında velosiped idmanı sahəsində çalışan məşqçilərin fəaliyyətinin səmərəliliyinin artırılması məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Müşavirəni giriş sözü ilə açan AzVİF-in birinci vitse-prezidenti Sahib Ələkbərov ölkəmizdə velosiped idmanının inkişafında məşqçilərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayaraq, idmançıların hazırlıq prosesinə sistemli və peşəkar yanaşmanın, məşq proqramlarının müasir tələblər əsasında qurulmasının və hər bir idmançının fərdi potensialının aşkarlanaraq düzgün qiymətləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Uşaq və yeniyetmələr arasında seleksiya işinin gücləndirilməsi, məşqçilər arasında təcrübə mübadiləsinin artırılması və idmançıların inkişaf dinamikasının mütəmadi olaraq  təhlil olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Sahib Ələkbərov Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq Gənclər Velosiped Məktəbinin qarşısında qoyduğu vəzifələri və tələbləri düzgün yerinə yetirə bilməməsi səbəbindən peşəkar velosipedçilərin yetişdirilməsi sahəsində ciddi nöqsanlar olduğunu nəzərə alaraq, məktəbin rəhbərliyinin dəyişdirildiyini və məktəbdə ciddi islahatlara start verildiyini bildirib. Regionlarda olan istedadlı gənclərin velosiped idmanına cəlb olunması məqsədilə 18 şəhər və rayonda velosiped bölmələrinin yaradıldığı, peşəkar və savadlı məşqçilərin bu işə cəlb olunduğu, həmin bölmələrin müvafiq yer və lazımi avadanlıqlarla təmin olunduğu diqqətə çatdırılıb.

Federasiyanın baş məşqçisi Vladimir Buşanskiy məşqçilərlə aparılan işlərin müasir tələblər səviyyəsində qurulması və məşqçilərin peşəkarlıq səviyyəsinin artırılması üçün görüləcək işlər barədə məlumat verilib.

Velosiped məktəbinin baş məşqçisi Sabir Həsənov, məşqçilər Elçin Əsədov, Elçin Qasımov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov və başqaları çıxış edərək ölkəmizdə velosiped idmanının inkişafı ilə bağlı hər cür şəraitin yaradıldığını, bu idmana marağı olan uşaqlar və yeniyetmələrlə aparılan işlərin gücləndirilməsi hesabına yaxın bir neçə il ərzində peşəkar velosipedçilərin hazırlanması sahəsində ciddi irəliləyişlərin əldə edilməsinin mümkün olduğu, yalnız məşqçilərin öz üzərlərində daim çalışmaları, vəzifə səlahiyyətlərinə daha məsuliyyətlə yanaşmalı olduqları barədə fikirlərini və təkliflərini bölüşüblər.

Share on the indicated platforms:

All rights reserved © 2026