Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı “Sea Breeze Magazine”də

Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı “Sea Breeze Magazine”də

“Sea Breeze Magazine” jurnalının yeni buraxılışında Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına geniş yer ayrılıb. “İki təkər üzərində tarix” başlıqlı məqalədə beş gün davam edən, Azərbaycanın 21 şəhər və rayonunu əhatə edən “Bakı–Xankəndi” yarışının ölkə üçün əhəmiyyəti, yüksək təşkilatçılıq səviyyəsi və beynəlxalq aləmdə maraq doğurması xüsusi vurğulanıb.

Məqalədə qeyd olunur ki, yarışın startı “Sea Breeze”də verilib və tədbir Azərbaycan velosipedinin tarixində mühüm hadisələrdən birinə çevrilib. Yarış marşrutu boyunca müxtəlif şəhər və rayonlardan keçən peloton ölkənin təbiətini, şəhərlərini və tarixi məkanlarını beynəlxalq auditoriyaya təqdim edib.

Yarışın beynəlxalq televiziya və media platformalarında geniş işıqlandırılması da məqalədə xüsusi qeyd olunub. “Bakı–Xankəndi” Azərbaycan Velosiped Yarışı “Eurosport”, “Discovery+”, “HBO Max” və “Prime Video” kimi beynəlxalq platformalarda yayımlanaraq Azərbaycanın velosiped idmanının qlobal miqyasda tanıdılmasına töhfə verib.

Yarışın idman nəticələri də məqalədə xüsusi yer alıb. İspaniyanın “Burgos Burpellet BH” komandasının üzvü Coş Barnett ümumi təsnifatda qalib gələrək yarışın son mərhələsini də birinci başa vurub. İtaliyalı Marko Manenti isə dördüncü mərhələdə qələbə qazanaraq peşəkar karyerasında ilk UCI qələbəsini əldə edib.

Nəşr “Bakı–Xankəndi” yarışının yalnız idman yarışı olmadığını, eyni zamanda Azərbaycanın müxtəlif bölgələrini, təbiətini və mədəni irsini beynəlxalq auditoriyaya təqdim edən böyük layihə olduğunu vurğulayır. Məqalədə yarış marşrutu “Azərbaycanı görmək üçün ideal vizual bələdçi” kimi təqdim edilir və dağları, meşələri, gölləri, tarixi məkanları əhatə edən marşrutun ölkənin turizm potensialının tanıdılmasına verdiyi töhfə qeyd olunur.

Qeyd edək ki, mayın 10-14-də keçirilən Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının əsas sponsorlarından və dəstəkçilərindən biri “SEA BREEZE RESORT” olub.

Share on the indicated platforms:

All rights reserved © 2026