BDU tələbələri Respublika Velotrekində olublar

BDU tələbələri Respublika Velotrekində olublar

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Bakı Dövlət Universiteti (BDU) və “BDU Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə Respublika Velotrekində “Zəfər ayı” layihəsi çərçivəsində tələbələr üçün maarifləndirici və idman tədbiri keçirilib.

 

Gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və təhlükəsiz idman mühitinin təşviqi məqsədi daşıyan tədbirdə çıxış edən AzVİF-in baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin tələbələrin idmana cəlb olunması, idman infrastrukturu ilə tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.

 

AzVİF-in “Təhlükəsiz İdman” üzrə məsul şəxsi Vüsal Baloğlanov tərəfindən tələbələr üçün velosiped idmanında beynəlxalq “Təhlükəsiz İdman” çərçivəsinə həsr olunmuş maarifləndirici təlim keçirilib. Təlimdə idmançıların hüquqlarının qorunması, təhlükəsiz idman mühitinin təmin edilməsi və idmanda davranış qaydaları barədə məlumat verilib.

 

Daha sonra tələbələr üçün infotur təşkil olunub. Onlar Respublika Velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar. Proqramın idman hissəsində tələbələrin iştirakı ilə veloyürüş keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Share on the indicated platforms:

All rights reserved © 2026