“Eurosport” telekanalının Beynəlxalq tərəfdaşlıq üzrə baş direktoru Marizi Basten və Beynəlxalq brend tərəfdaşlıqları üzrə meneceri Artur Mayyard Azərbaycan Velosiped İdmanı Federasiyasında olublar.
Qonaqları salamlayan federasiyanın birinci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, “Eurosport” telekanalı uzun illərdir Azərbaycan Velosiped İdmanı Federasiyasının etibarlı tərəfdaşlarından biridir. Azərbaycanda keçirilən beynəlxalq velosiped yarışlarının rəsmi yayımçısı olan telekanal vasitəsilə ölkəmizdə təşkil olunan yarışlar dünyanın müxtəlif ölkələrində milyonlarla tamaşaçıya təqdim edilib, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı da “Eurosport” televiziya kanalı vasitəsilə dünyanın 190 ölkəsində 19 dildə yayımlanıb.
“Eurosport” telekanalının nümayəndələri ölkəmizdə keçirilən velosiped yarışlarının yüksək təşkilatçılıq səviyyəsini müsbət qiymətləndirərək, Azərbaycanla əməkdaşlığın gələcəkdə də davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Görüşdə 2027-ci il mayın 9-13-də keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər ətraflı müzakirə edilib.
Qonaqlar Respublika Velotrekində idmançılar üçün yaradılmış şəraitlə tanışlıqdan sonra velosiped muzeyinə baş çəkərək, Azərbaycanda velosiped idmanının tarixi və inkişaf yolu ilə tanış olublar.
Səfər çərçivəsində onlar Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovla, Bakı Media Mərkəzinin və “Sea Breeze”in rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçiriblər.