Kokab Nadim Varraiş: “AzVİF-in yaratdığı şərait məni heyran etdi”

Kokab Nadim Varraiş: “AzVİF-in yaratdığı şərait məni heyran etdi”

Azərbaycana səfərə gələn Pakistan Velosiped Federasiyasının sədri Kokab Nadim Varraiş Respublika Velotrekində olub. O, Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə verdiyi müsahibədə səfərlə bağlı təəssüratlarını bölüşüb:

“Azərbaycan Velosiped İdmanı Federasiyasında olmaq mənim üçün həqiqətən möhtəşəm təcrübə oldu. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm – dünən Bakı şəhərini gəzmək imkanım oldu. Mən 3 il Avropada yaşamışam, ailəm isə Avstraliyada yaşayır. Buna görə də dünyanın müxtəlif ölkələrinə çox səyahət etmişəm və qərb həyat tərzini kifayət qədər yaxşı tanıyıram.

Bakının infrastrukturu və Azərbaycan Velosiped İdmanı Federasiyasının yaratdığı şərait məni sözün həqiqi mənasında heyran etdi. Açığı, burada bu qədər yüksək səviyyəli infrastrukturun olacağını təsəvvür etmirdim. Həm federasiyada gördüklərim, həm də ümumilikdə Bakı şəhəri məndə çox böyük təəssürat yaratdı.

Bir nümunə çəkim – vaxtilə Fransanın cənubunda, Nitsa şəhərində olmuşam. Orada məşhur “Promenade des Anglais” sahilində yerləşən tarixi “Negresco” hoteli var. Dünən Bakıda gəzərkən həmin memarlıq üslubunu xatırladan binalar gördüm və buna heyran qaldım. Fransızlar həmin tikililərlə fəxr edirlər. Hətta dünən Avstraliyada yaşayan həyat yoldaşıma dedim: “Negresco”nu xatırlayırsan? Burada da ona bənzər çox gözəl memarlıq nümunələri gördüm”.

Düşünürəm ki, burada müəyyən mənada informasiya mübarizəsi də rol oynayır. Qərb ölkələri uzun illər bu sahədə üstün mövqedə olduqları üçün bir çox ölkələrin inkişafını və əldə etdiyi uğurları dünya ictimaiyyətinə lazımi səviyyədə çatdırmırlar. Halbuki, bizim də müasir infrastrukturumuz, güclü potensialımız və peşəkar insanlarımız var.

Xüsusilə Azərbaycan Velosiped İdmanı Federasiyası barədə demək istəyirəm ki, gördüyüm şərait məni çox sevindirdi. Hesab edirəm ki, belə imkanlarla Azərbaycan velosipedi illər əvvəl də dünyanın ən nüfuzlu yarışlarında, o cümlədən “Tour de France” kimi yarışlarda təmsil oluna bilərdi.

Avropadakı bir çox velosiped federasiyalarının ofislərini və infrastrukturunu görmüş biri kimi əminliklə deyə bilərəm ki, burada yaradılan şərait onların bir çoxundan heç də geri qalmır, hətta bəzi hallarda daha yüksək səviyyədədir.

Azərbaycan Velosiped İdmanı Federasiyasını ürəkdən təbrik edir, bu uğurların davamını arzulayıram. Federasiya rəhbərliyinə, xüsusilə də prezidentə mənə göstərilən yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə dərin təşəkkürümü bildirirəm.

Ölkəmə qayıtdıqdan sonra öz federasiyamın rəhbərliyi ilə görüşərək onlara Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndə heyətimizi necə yüksək səviyyədə qarşıladığını və bizə göstərilən diqqət və qayğını mütləq danışacağam”.

Share on the indicated platforms:

All rights reserved © 2026