Azərbaycan Velosiped İdmanı Federasiyası və “Ülkər” Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə inklüziv qayğıya ehtiyacı olan uşaqlar üçün Respublika Velotrekində maarifləndirici və əyləncəli tədbir keçirilib.
Tədbirin əsas məqsədi inklüziv qayğıya ehtiyacı olan uşaqların idmana marağının artırılması, onların sağlam həyat tərzinə təşviq edilməsi və velosiped idmanının təbliği olub.
Proqram çərçivəsində iştirakçılar Respublika Velotrekində yerləşən Velosiped Muzeyi ilə tanış olaraq ölkəmizdə velosiped idmanının tarixi və əldə olunan uğurlar barədə məlumat alıblar. Daha sonra uşaqlar Respublika Velotrekinin ərazisində təşkil olunan veloyürüşə qatılaraq xoş və yaddaqalan anlar yaşayıblar.
Tədbirin sonunda bütün iştirakçılara Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən iştirak sertifikatları və xatirə hədiyyələri təqdim olunub.