UCI Konqresində Ümumdünya Velosiped Günü ilə bağlı Bakı görüntüləri nümayiş etdirilib

UCI Konqresində Ümumdünya Velosiped Günü ilə bağlı Bakı görüntüləri nümayiş etdirilib

Kanadanın Monreal şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) sayca 195-ci Konqresi keçirilib. Tədbirdə dünyanın 117 milli velosiped federasiyasının nümayəndələri iştirak ediblər.

Beynəlxalq velosiped ailəsinin əsas tədbirlərindən biri olan Konqres çərçivəsində müxtəlif məsələlərlə yanaşı, velosiped idmanının və velosiped mədəniyyətinin qlobal səviyyədə inkişafına dair tədbirlər də diqqət mərkəzində olub.

Tədbir zamanı 3 iyun – Ümumdünya Velosiped Günü münasibətilə dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlərdən hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib.

Videoçarxın ilk görüntülərinin Bakıda keçirilən Ümumdünya Velosiped Günü tədbirinə həsr olunması xüsusi diqqət çəkib. Bu tədbirdən görüntülərin videonun əvvəlində yer alması və dünya velosiped ailəsinin ən ali tədbirində nümayiş etdirilməsi ölkəmizdə velosiped idmanının inkişafı istiqamətində görülən işlərin müsbət qiymətləndirilməsi kimi də dəyərlənirilə bilər.

Xatırladaq ki, 3 iyun – Ümumdünya Velosiped Günü münasibətilə bu il həm paytaxt Bakıda, həm də ölkəmizin digər şəhər və rayonlarında velosiped idmanının təbliği, sağlam həyat tərzinin təşviqi və ekoloji nəqliyyat vasitələrindən istifadənin artırılmasına xidmət edən bir sıra tədbirlər təşkil olunub.

Share on the indicated platforms:

All rights reserved © 2026