Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 2-ci mərhələ başa çatıb. Bu yarış günündə velosipedçilər “Sea Breeze”dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər. Mərhələ çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib və liderin dəyişməsi ilə yadda qalıb.
Mərhələnin qalibi Qazaxıstanın “XDS Astana” Dünya Turu komandasının velosipedçisi Yevgeni Fyodorov olub – o, 4 saat, 41 dəqiqə, 38 saniyə göstərici ilə finiş xəttini 1-ci keçib. İtaliyanın “Solution Tech NIPPO Rali” pro-kontinental klubunun üzvü Aleksandr Balmer 2-ci, İspaniyanın “Burgos Burpellet BH” pro-kontinental komandasının təmsilçisi Erik Antonio Faqundes isə 3-cü olub.
Fərqlənən velosipedçilərə mükafatları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov təqdim ediblər.
Mərhələ qalibiyyəti Yevgeni Fyodorova həm də ümumi təsnifatda liderliyi ələ keçirərək, “Silkway West Airlines” tərəfindən təqdim olunan mavi köynəyə yiyələnmək imkanı verib. O, həmçinin “Sea Breeze” tərəfindən təqdim edilən və ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl köynəyə də sahib çıxıb. Bu köynəkləri ona yarışın fəxri qonağı, şose velosipedi üzrə London-2012 Yay Olimpiya Oyunlarının qalibi, qazaxıstanlı Aleksandr Vinokurov təqdim edib.
Belçikanın “Tarteletto-Izorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz Azərbaycan Hava Yollarının təqdim etdiyi qırmızı rəngli dağ lideri formasını qazanıb. İspaniyanın “Equipo Kern Pharma” kontinental komandasının üzvü İker Qomez isə “Azvirt” tərəfindən təqdim olunan və ən yaxşı gənc velosipedçiyə verilən ağ köynəyi əldə edib. Bu köynəkləri idmançılara Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov təqdim edib.
Sabah keçiriləcək 3-cü mərhələdə velosipedçilər Qəbələ şəhərindən start götürməklə Mingəçevir şəhərinə qədər 162,9 km məsafə qət edəcəklər.