Azərbaycan Velosiped İdmanı Federasiyası ilk dəfə 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilsə də, geniş praktiki fəaliyyətə 2012-ci ildən başlayıb. Federasiyanın əsas məqsədi ölkəmizdə velosiped idmanının inkişaf etdirilməsi, velosipedçilərimizin Olimpiadalara, eləcə də digər mötəbər beynəlxalq yarışlara hazırlaşmasının və uğurlu nəticələr əldə etmələrinin təmin olunmasına çalışmaqdır.
İnsanlar, xüsusilə də uşaqlar və gənclər arasında velosiped idman növünün daha geniş yayılması, onların sağlam ruhda tərbiyə olunması Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Azərbaycanda Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqviminə salınmış ilk beynəlxalq velosiped yarışı 2012-ci ilin may ayında xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş 23 yaşadək gənclər arasında keçirilmiş veloturdur. 1 il sonra isə dünya velosiped yarışları təqvimində öz layiqli yerini tutmuş Azərbaycan Turu (“Tour d’Azerbaidjan”) çoxgünlük velosiped yarışının keçirilməsinə başlanılıb.
2013-cü ildə 2.2 kateqoriyası almış və dünya velosiped aləmində böyük rəğbətlə qarşılanmış bu yarışa növbəti ildə 2.1 kateqoriyası verilib və artıq bu yarışlarda dünyanın bütün qitələrini təmsil edən kontinental komandalarla yanaşı peşəkar, yəni pro-kontinental komandalar da iştirak etməyə başlayıblar.
5 mərhələdən ibarət, 900 km-ə yaxın məsafəni əhatə edən “Tour d’Azerbaidjan” velosiped yarışı hər il müxtəlif şəhər və rayonlarımızı əhatə edən marşrutlar üzrə təşkil edilib. Yarış Azərbaycanda velosiped idmanının inkişafını şərtləndirən əsas amillərdən biri olmaqla yanaşı, günü-gündən gözəlləşən ölkəmizin bütün dünyada tanıtdırılması, onun turizm potensialını nümayiş etdirmək baxımından da çox səmərəli bir vasitəyə çevrilib.
Zaur Axundov
Sahib Ələkbərov
Fikrət Hüseynov
Robert Eyyubov
Zaur Axundov
Sahib Ələkbərov
Fikrət Hüseynov
Robert Eyyubov
Rəşad Gülmaliyev
Emin Mustafayev
Albert Pitersma
Veloparkın yerləşdiyi ərazidəki park 1970-ci illərin əvvəllərində Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb. 1990-cı illərin əvvəllərində baxımsızlıq üzündən bərbad hala düşən bu ərazidə qanunsuz tikililər inşa olunub. 2005-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev parkın ərazisində təmizlik işlərinin aparılması barədə göstəriş verib. 2013-cü ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped İdmanı Federasiyasına təhkim edilib. Ötən müddətdə federasiya tərəfindən ərazidə gemişmiqyaslı abadlıq işləri aparılıb. Burada minlərlə ağac əkilib, yarışlar üçün 4 velosiped marşrutu, o cümlədən dağ velosiped idmanı üçün yollar salınıb.
Veloparkın ərazisində Bakı-2015 I Avropa Oyunlarının BMX yarışlarının keçirildiyi BMX Veloparkı da inşa olunub. 2015-ci ilin may ayında prezident İlham Əliyev BMX Veloparkının açılışında iştirak edib. Burada yüksək səviyyəli qonaqlar, idmançılar, fiziki məhdudiyyətli tamaşaçılar və mətbuat nümayəndələri üçün xüsusi yerlər nəzərdə tutulub.
BMX Veloparkında 2018-ci ilin iyun ayında idmanın bu növ üzrə dünya çempionatı da təşkil olunub. Planetin 100-dən çox ölkəsindən gəlmiş 1500-dən artıq idmançı burada dünya çempionatının medalları uğrunda mübarizə aparıb.
Azərbaycanda ilk velosiped treki 1980-ci ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Moskva Yay Olimpiya Oyunları ərəfəsində istifadəyə verilib. O dövrdə ən müasir velotreklərdən biri hesab olunan Respublika Velotrekinin beton örtüyünün perimetri 333 metr 33 sm olmaqla, ümumi ərazisi 13 hektar idi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində baxımsızlıq üzündən velotrekin beton örtüyü dağılmış, ərazisinin böyük hissəsi zəbt olunmuşdu.
Azərbaycan Velosiped İdmanı Federasiyası yenidən təşkil olunduqdan sonra 2012-ci ildə velotrekin ərazisində geniş yenidənqurma və abadlıq işlərinə başlanıldı. Trekin beton örtüyü əsaslı şəkildə yenidən quruldu, ərazidə ən müasir tələblərə cavab verən yeni inzibati bina, minifutbol meydançası, BMX velosipedçilərinin hazırlanması üçün “Pamp Park”, hər birinin tutumu 150 kubmetr olan 2 su anbarı, qazanxana və s. inşa olundu.
Ümumi sahəsi 4620 kvadrat metr olan inzibati binada Azərbaycan Velosiped İdmanı Federasiyasının ofisi, velosipedçilər üçün iş otaqları, mini otel, məşqçilər üçün mənzillər və s. yerləşir.
2015-ci ilin iyun ayında Avropa Velosipedçilər Birliyinin (UEC) İdarə Heyətinin iclası Respublika Velotrekində keçirilib.
Xocasən qəsəbəsində yerləşən Dağ Velosipedi Parkı idmanın bu növünü (MTB) sevənlər üçün ideal məkanlardan biridir. Parkın marşrutları müxtəlif çətinlik səviyyələrinə malik olmaqla, həm idmana yeni başlayanlar, həm də peşəkar velosipedçilər üçün ideal məkanlardan biridir. Dağ yolları, meşəlik ərazilər və təbii relyef parkın unikal xüsusiyyətlərini təşkil edir və hər bir velosipedçiyə əyləncə dolu anlar yaşadır.
Park 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunları üçün yenidən qurularaq beynəlxalq standartlara uyğunlaşdırılıb. Görülən işlər zamanı təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilib.
Parkda fərqli uzunluqlu və müxtəlif çətinlikli, təbii relyefli enişli-yoxuşlu, sərt döngələrə malik marşrutlar var ki, bu da yarışlar zamanı mübarizəyə əlavə rəng qatır.