Bakıda “ExpoSport Azerbaijan 2026” sərgisi açılıb. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən sərgi iki gün davam edəcək.
Tədbirdə 33 idman federasiyası, 10 şirkət və 6 tərəfdaş qurum iştirak edir. Sərginin əsas məqsədi idman sahəsindəki yenilikləri və nailiyyətləri nümayiş etdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək, eləcə də sağlam və aktiv həyat tərzini təşviq etməkdir. İki gün ərzində ziyarətçilər müxtəlif idman növləri, müasir texnologiyalar, idman avadanlıqları və yeni layihələrlə tanış olmaq imkanı əldə edəcəklər.
Azərbaycan Velosiped İdmanı Federasiyası da sərgidə öz stendi ilə təmsil olunur. Ziyarətçilərin marağına səbəb olan bu stenddə ölkəmizdə velosiped idmanının inkişafı istiqamətində görülən işlər, həyata keçirilən layihələr və təşkil olunan yarışlar, 2027-ci il mayın 9–13-də keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı barədə məlumatlar ziyarətçilərin diqqətinə çatdırılır.
Noyabr ayının 27-də sərginin açılışında iştirak edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının stendi ilə də tanış olub. Nazirə federasiyanın fəaliyyəti, velosiped idmanının ölkə üzrə inkişafı istiqamətində görülən işlər və qarşıdakı beynəlxalq yarışlar, o cümlədən Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı barədə ətraflı məlumat verilib.