Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilər arasında şose yarışları üzrə Bakı birinciliyi başa çatıb. Bakı şəhərinin 2026-cı ildə “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışın final mərhələsi Veloparkda keçirilib.
Paytaxtın 12 rayonunu əhatə edən və ümumilikdə 600-ə yaxın məktəblinin iştirak etdiyi seçmə mərhələlərin nəticələrinə əsasən finala vəsiqə qazanan 2013–2014-cü il təvəllüdlü oğlan və qız velosipedçilər qrup ötüşməsində mübarizə aparıblar.
Qızların yarışında Sabunçu rayonu 113 saylı tam orta məktəbin şagirdi Ülkər Həsənli bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Eyni rayonun 148 saylı tam orta məktəbinin təmsilçisi Aysel Aşurova ikinci, Binəqədi rayonu 248 saylı tam orta məktəbin şagirdi Gülər Cəfərova isə üçüncü olub.
Oğlanların mübarizəsində Pirallahı rayonu 243 saylı tam orta məktəbin şagirdi Rəsul Əkbərov finiş xəttini birinci keçərək Bakı birinciliyinin qalibi adını qazanıb. Yasamal rayonu 133 saylı tam orta məktəbin təmsilçisi Əli Həmidov ikinci, Sabunçu rayonu 113 saylı tam orta məktəbin şagirdi Əlimirzə Heydərli isə üçüncü yeri tutub.
Fərqlənən şagirdlər medal və diplomlarla, həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlərlə mükafatlandırılıblar. Mükafatları Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Gülnarə Məlikova təqdim ediblər.