Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılğı ilə Qaradağ rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.
Bakı şəhərinin 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 40-dan artıq oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıblar.
Oğlanların yarışında 139 saylı tam orta məktəbin şagirdi Əkbər Əlizadə birinci yeri tutub. 166 saylı tam orta məktəbin təmsilçisi Yusif Ağarzalı ikinci, 106 saylı tam orta məktəbin şagirdi Uğur Kazımlı isə üçüncü olub.
Qızların mübarizəsində 166 saylı tam orta məktəbin şagirdləri Emiliya Hacıvəliyeva 1-ci, Mədinə Çərkəzova 2-ci olub. 288 saylı tam orta məktəbin təmsilçisi Gülçin İbrahimova isə üçüncü nəticə göstərib.
Fərqlənən şagirdlər medal və diplomlarla təltif olunublar. Qeyd edək ki, turnir Bakı şəhərinin məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsidir. Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanının təbliği, sağlam həyat tərzinin təşviqi və gənc istedadların üzə çıxarılmasıdır.