Azərbaycan Velosiped İdmanı Federasiyası, Qaradağ və Suraxanı Gənclər Evlərinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində maarifləndirici və idman tədbirləri keçirilib.
Gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idmanına marağın artırılması və təhlükəsiz idman mühitinin formalaşdırılması məqsədi daşıyan tədbirdə çıxış edən federasiyanın baş katibi Əli Məmmədov bu cür təşəbbüslərin gənclərin idmana cəlb olunması, onların idman infrastrukturu ilə tanışlığı və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Velosiped İdmanı Federasiyasının gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə layihələrin davam etdiriləcəyini bildirib.
Daha sonra AzVİF-in “Təhlükəsiz İdman” üzrə məsul şəxsi Vüsal Baloğlanov tərəfindən gənclər üçün velosiped idmanında beynəlxalq “Təhlükəsiz İdman” mövzusuna həsr olunmuş maarifləndirici təlim keçirilib. Təlim zamanı idmançıların hüquqlarının qorunması, təhlükəsiz idman mühitinin təmin edilməsi və idmanda davranış qaydaları barədə məlumat verilib.
Proqram çərçivəsində təşkil olunan infotur zamanı gənclər Respublika Velotrekində yaradılmış infrastruktur, idman qurğuları və müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar.