Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Ehtiyatları Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin birgə təşkilatçılğı ilə Sabunçu rayonunun məktəbliləri arasında velosiped yarışı keçirilib.
Bakı şəhərinin 2026-cı il “Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə təşkil olunan yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 50-dən artıq oğlan və qız şagird qrup ötüşməsində mübarizə aparıblar.
Oğlanların yarışında 113 saylı tam orta məktəbin şagirdi Əlimirzə Heydərli birinci yeri tutub. 311 saylı tam orta məktəbin təmsilçiləri Ömər Mustafayev və Yaqub Gülməmmədov ikinci və üçüncü olublar.
Qızların mübarizəsində də 113 saylı tam orta məktəbin şagirdi qələbə qazanıb – Üıkər Həsənli bütün rəqiblərini qabaqlamaqla çempion olub. 148 saylı tam orta məktəbin təmsilçiləri Aysu Aşurova 2-ci, Elif Ünal isə 3-cü nəticə göstərib.
Fərqlənən şagirdlər medal və diplomlarla təltif olunublar. Qeyd edək ki, turnir Bakı şəhərinin məktəbliləri arasında keçiriləcək silsilə yarışların ilk mərhələsidir. Layihənin əsas məqsədi məktəblilər arasında velosiped idmanının təbliği, sağlam həyat tərzinin təşviqi və gənc istedadların üzə çıxarılması məqsədi daşıyır.