Sahib Ələkbərov: “Məqsədlərimizdən biri regionlardakı istedadlı gənclərimizi üzə çıxarmaqdır”

Sahib Ələkbərov: “Məqsədlərimizdən biri regionlardakı istedadlı gənclərimizi üzə çıxarmaqdır”

“Düşünürəm ki, biz hazırda böyük bir idman bayramı yaşayırıq. Yarış yaxşı və ən önəmlisi təhlükəsiz şəraitdə keçir”.

Bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov 4-cü mərhələdən sonra Naftalanda keçirilən mətbuat konfransında bildirib.

“Komandalar çox yaxşı mübarizə aparırlar. Biz düşünürük ki, bu yarışda iştirak edən 24 komandadan hər biri gələcəkdə bura bir daha gəlmək istəyəcək” – deyə, Sahib Ələkbərov qeyd edib.

Onun sözlərinə görə, ölkəmizdə xeyli istedadlı gənc var və onların üzə çıxarılması üçün işlər görülür: “Regionlarda da velosiped idmanına maraq kifayət qədər böyükdür. Ölkədə çoxlu istedadlı gənc var. Məqsədlərimizdən biri regionlardakı istedadlı gənclərimizi üzə çıxarmaqdır. Biz bir həftə əvvəl Xankəndidəki Qarabağ Universitetinə 100 ədəd velosiped hədiyyə etdik. Mingəçevirdə qızlardan ibarət velosiped klubumuz var. Klubda 70 qız velosipedçimiz məşğul olur”.

Fderasiyanın birinci vitse-prezidenti həmçinin regionlarda təşkil edilən yarışlar haqqında danışıb: “Balakəndə elə kəndlər var ki, orada insanlar demək olar ki, maşından istifadə etmirlər. Hər yerə velosipedlə gedirlər. Novruz bayramı ərəfəsində orada yarış təşkil etdik. Havanın soyuq olmasına rəğmən, 300-dən artıq uşaq Balakəndə təşkil etdiyimiz yarışda iştirak etdi”.

Göstərilən platformalarda paylaş:

Bütün hüquqlar qorunur © 2026