Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Veloparkda həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib. 50-yə yaxın iştirakçının mübarizə apardığı yarışda 3 yaş kateqoriyasında qaliblər müəyyənləşib.
Yarış başlamazdan əvvəl 46 yaşını qeyd edən iştirakçı Rəfael Qasımova Azərbaycan Velosiped İdmanı Federasiyası təfərindən xatirə hədiyyəsi təqdim edilib.
35-49 yaşlı kişilərin 34 km məsafəyə mübarizəsi Məhəmməd Ələkbərovun qələbəsilə başa çatıb. Ziyad Vəliyev 2-ci, Nəbi Abbasov 3-cü olub.
50 yaşdan yuxarı kişilər arasında Etibar Həsənov 17 km məsafəni birinci qət edib. Yusif Nəcəfov və Fizuli İsmayılov müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Qadınlar arasında isə Natalya Vallek 17 km məsafəyə yarışda bütün rəqiblərindən güclü olub. Yelena Dubentsova ilə Ülfət Nəzərli fəxri kürsünün 2-ci və 3-cü pilləsində qərarlaşıblar.
Fərqlənən iştirakçılara mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov və federasiyanın idman direktoru Vladimir Buşanskiy təqdim ediblər.