Bu sözləri bakukhankendi.az saytına müsahibəsində Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının ən yaxşı dağ velosipedçisi, Belçikanın “Tarteletto-Izorex” kontinental klubunun velosipedçisi Lennert Tögelz deyib.
O, dağ lideri formasını qazanmasının sirrini açıqlayıb: “Köynək əldə etmək üçün sən mütəmadi olaraq çalışmalısan. Bu, bir günün işi deyil. Gərək günlərlə diqqətli olasan. Düşünürəm ki, bu, mənim ən güclü tərəflərimdəndir. Mənim bir super günüm yox, bir neçə yaxşı günüm olur”.
“Bu gün daha çox xal qazanmağa çalışırdım və bəxtimin gətirdiyini düşünürəm. Yoxuşlar mənim üçün bir az çətin idi”, – deyə o qeyd edib.
Velosipedçi həmçinin vurğulayıb ki, üzləşdiyi ən böyük çətinlik yarış boyu müşahidə olunan isti hava şəraiti idi: “Mən Belçikadanam, daha sərin havanı sevirəm. Orada hazırda 10 dərəcə isti var. Bura ilə müqayisədə fərq böyükdür”.
“Deyə bilərəm ki, indiyə kimi iştirak etdiyim yarışlarda rast gəldiyim ən yaxşı təşkilatçılığı gördüm. Bu yarış birmənalı olaraq daha yüksək kateqoriyaya layiqdir”, – deyə Tögelz əlavə edib.