“Ümid edirəm ki, bu qələbə növbəti qələbələr üçün başlanğıc nöqtəsi olacaq”.
Bu sözləri Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 4-cü mərhələsinin qalibi, İtaliyanın “Bardiani CSF 7 Saber” pro-kontinental komandasının üzvü Marko Manenti Naftalanda baş tutan mətbuat konfransında bildirib.
“Bu gün əldə etdiyim qələbə komandam üçün çox önəmlidir. Ümid edirəm ki, bu qələbə növbəti qələbələr üçün başlanğıc nöqtəsi olacaq, çünki velosiped idmanında xallar qazanmaq böyük yarışlara dəvət almaq üçün çox vacibdir. Biz çox yaxşı komandayıq və düşünürəm ki, daha yaxşı nəticələr əldə edə bilərik. Bu mərhələ çətin idi, xüsusən də havanın isti olduğu üçün. Lakin yol rahat idi” – deyə, Manenti vurğulayıb.
O, qeyd edib ki, qələbə qazanmasında həlledici məqam son döngədə düzgün mövqedə yerləşməsi olub: “Mən finiş xəttinə yaxın son döngədə Qazaxıstanın “XDS Astana” komandasının idmançısının arxasında mövqe tutdum və qalib gəlməyimdə həlledici məqam bu oldu”.