Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 25-də ölkəmizin “İdman Paytaxtı” Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı keçirilib.
Yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında bildirib ki, “İdman Paytaxtı” seçilməsi ilə əlaqədar, il ərzində Qazaxda çoxsaylı idman tədbirləri təşkil olunub, yeni idman obyektləri istifadəyə verilib. O, bu cür yarışların bölgədə idmana marağın daha da artmasına mühüm töhfə verdiyini vurğulayaraq, Qazaxda ilk dəfə velosiped yarışının keçirilməsinə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təşəkkürünü bildirib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov Qazax Rayon İcra Hakimiyyətinə göstərilən dəstəyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirib. O qeyd edib ki, Federasiya Kubokunda ətraf rayonlardan olan idmançılarla yanaşı, Qazaxı təmsil edən velosipedçilərin də iştirak etməsi bölgədə bu idman növünün inkişafına və gənclərin velosiped idmanına marağının artmasına müsbət təsir göstərəcək.
Qazax şəhərinin mərkəzi küçələrində təşkil olunan yarış böyük tamaşaçı marağı ilə qarşılanıb. Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən velosiped bölmələrinin 150-dən artıq oğlan və qız idmançısı 5 km məsafəyə qrup ötüşməsi üzrə mübarizə aparıblar. Yarış proqramı çərçivəsində Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün də xüsusi yarış təşkil edilib. 6 kateqoriya üzrə qalib və mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar.
****
Federasiya Kuboku
25 iyul 2026-cı il
Qazax şəhəri
Region idmançıları
Qızlar (2013-2015)
1. Fatimə Qurbanova (Ağdaş UGİŞM)
2. Mənsurə Hüseynli (Ağdaş UGİŞM)
3. Leyla Seyidzadə (Ağdaş UGİŞM)
Oğlanlar (2012-2014)
1. Kamran Abdullayev (Ağdaş UGİŞM)
2. Elvin Məmmədov (Gədəbəy UGİŞM)
3. Fuad Həsənov (Ağstafa UGİŞM)
Oğlanlar (2008-2011)
1. Əli Əlizadə (İsmayıllı UGİŞM)
2. Nəsimi Məmmədli (İsmayıllı UGİŞM)
3. Samir Kərimov (Ağdaş UGİŞM)
Qazax idmançıları
Qızlar (2010-2014)
1. Xədicə Əliyeva
2. Çiçək Quliyeva
3. Zəhra Nağıyeva
Oğlanlar (2014-2017)
1. Nicat Əfəndiyev
2. Ceyhun Əsgərov
3. Uğur Abdullayev
Oğlanlar (2010-2013)
1. Talıb Əliyev
2. Elxan Daşdəmirov
3. Rövşən Yarəhmədov